Çərşənbə axşamı, 17.09.2024


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Kateqoriya
Şairlər [1]
Riyaziyyatçılar [1]
Fiziklər [1]
Kimyaçılar [0]
Sərkərdələr [1]
Bioloqlar [1]
Rəssamlar [3]
İxtiraçılar [2]
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 542
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Əsas səhifə » Materiallar » Şairlər

Nizami Gəncəvi
23.09.2013, 11:42
Nizami 1141-ci ildə Gəncə şəhərində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmışdır. Türk dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Nizami Gəncəvi böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir. Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur.
 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. III Toğrulun sifarişi ilə qələmə aldığı "Xosrov və Şirin" poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə "Leyli və Məcnun" mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə "Leyli və Məcnun" poemasını (Şərqdə ilk dəfə) yaratmışdır. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına "Yeddi gözəl" əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı "İsgəndərnamə" (təqr. 1203) poemasını qələmə almışdır. Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Nizaminin beş poeması sonralar "Xəmsə" ("Beşlik") adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatmışdır.



Sirlər xəzinəsi: 
"Sirlər xəzinəsi" poeması "Xəmsə"nin birinci kitabıdır. Bu əsərdə dahi Azərbaycan şairi Nizami Gəncəvi qəddar şahları, hökmdarları ədalətli olmağa çağırmış, tənbəlləri, ikiüzlüləri tənqid etmiş, halal zəhmətlə yaşayan sadə adamlara öz yüksək məhəbbətini bildirmişdir. Poema hər biri dini və etik mövzulardan ibarət ayrı-ayrı parçalardan təşkil olunmuş 20 başlıqdan ibarətdir. Hər bir başlıq şairin özünə xitabı ilə bitir. 
Xosrov və Şirin: 
Şair bu əsərində məhəbbətin böyüklüyünü, insan ağlını, düşüncəsini tərənnüm edərək əsrlərlə unudulmayan bədii surətlər, ədəbi qəhrəmanlar yaratmışdır. Bu qəhrəmanlar sırasında dünya ədəbiyyatı xəzinəsinin gözəl incisi olan Şirin öndə durur. Böyük mütəfəkkir şair bu poemasında həm də Şərq ədəbiyyatında ilk dəfə olaraq əmək adamını - Fərhad surətini dərin məhəbbətlə qələmə almış, onu həm əmək, həm də eşq fədası kimi şahlara nümunə göstərmişdir. 
Leyli və Məcnun: 
Nizami Leyli və Məcnun haqqındakı xırda və pərakəndə, quru və bədii cəhətdən sönük olan müxtəlif rəvayətləri böyük ustalıqla birləşdirmiş, demək olar ki, heç nəyi atmamış, lakin sənətin sərt qanunu əsasında onu sistemə salıb, kədərli və əzəmətli bir söz abidəsi yaratmışdır. Nizami Məcnundakı insanlığın, idrakın, sevginin nə qədər güclü, fədakar, təmənnasız olduğunu, onun "idrak yolundakı əngəlləri" necə qətiyyət və cəsarətlə qaldırıb kənara atdığını öz ecazkar sənətinin əlvan boyalarıyla açıb göstərir. Orta əsrlər şəraitində qadınların oyanması, insanlığını dərk etməsi və faciəsi Leyli surətində əks etdirilmişdir. Məcnun kimi sevən, yanan, duyan, onun kimi şəhid olan Leyli Məcnunun qadın tayıdır. Leylinin də faciəsi köhnəliyin öz yerini yeniliyə könüllü vermək istəməməsi üzündən, onun yeniliyə qarşı qəddar və amansız olmasından yaranır. 
Yeddi gözəl: 
Poemanın mövzusu qədim İran tarixindən götürülmüşdür. Əsərdə təsvir olunan hadisələrinmərkəzində Sasanilər sülaləsinin beşinci hökmdarı Bəhram Gur dayanır. Şair əsərdə onun həyatını əks etdirmək adı altında, öz dövrü haqqında kəskin tənqidi fikirlər, romantik düşüncələr dolu bir əsər yaratmışdır. "Yeddi gözəl" adı rəmzi məna daşıyır. Lakin əsərə verilən bu romantik addan düzgün nəticə çıxarmaq lazımdır. Burada söhbət təkcə Bəhramın gözəllərlə əylənməsindən getmir, şairi düşündürən hökmdar və xalq problemi bu poemanın da mərkəzi xəttini təşkil edir. Bəhram ölkəni idarə etməyi əmək adamlarından çobandan öyrənib. O, Fitnənin sözləri qarşısında öz səhvini başa düşüb haqsız hərəkətlərindən peşman olur. Şair ölkənin abadlaşması, xalqın firavan yaşaması üçün hökmdarı ədalətli olmağa, xalqa arxalanmağa çağırır.
İsgəndərnamə: 
İyirmi min misraya yaxın olan "İsgəndərnamə" poeması iki hissədən ibarətdir: birinci hissə "Şərəfnamə", ikinci hissə "İqbalnamə" adlanır. sgəndərnamə poeması Nizaminin həcmcə ən böyük və son əsəridir. 60 illik yaradıcılıq təcrübəsindən sonra yazılmış həmin poemanı şair heç kimdən sifariş almadan, öz arzusu ilə yazmışdır. Əsərin qəhrəmanını o, tarixi bir şəxsiyyət, müharibələr aparmış işğalçı fateh kimi deyil, bədii obraz kimi canlandırmışdır. İki hissədən ibarət olan poemada müəllif əvvəlki əsərlərdə təsvir etdiyi bir sıra fikir və düşüncələrini ümumiləşdirmişdir. Nizami mərd, iradəli, ağıllı və bacarıqlı Bərdə hökmdarı Nüşabə obrazını yaratmaqla yeni tipli dövlət başçısından, ədalətli quruluşdan söhbət açmışdır. Bu əsərdə Nizaminin məqsədi müharibələrin təfsilatı deyil, yunanların şərq mədəniyyətlərilə tanışlığı və bu yolla iki mədəniyyətin sintezləşməsidir. İsgəndər yanındakı filosofların təkidləri ilə dəri üzərində yazılmış "Avesta" mətnlərini Yunanıstana göndərərək tərcümə edilib öyrənilməsini tövsiyə edir. İsgəndər Nizaminin yazdığına görə öz vətənində görmədiyi bir çox mədəniyyət və cəmiyyətlərlə bağlı real hadisələrə həyatın möcüzələri kimi baxır. O, yol boyu müxtəlif ölkə, xalq və mədəniyyətlərlə üzləşir, hind çarbaklarının təlimlərilə tanış olur, şimala doğru qayıdarkən almaz çölünə gəlib çıxır, əsgərlər almaz parçalarını yığıb torba-torba özlərilə daşıyırlar. Əsərdə ən əhəmiyyətli mədəni hadisə İsgəndərin "başçısızlar" ölkəsinə gəlib çıxmasıdır. O, buradakı insanların həyatı, düşüncəsi, bərabərliyə əsaslanan ictimai idarə üsulunu gördükdə heyrət edir. Nəhayət İsgəndər şimal zülmətində dirilik suyunun olması xəbərini eşidir və oraya yol tapmaq istəyir. Əbədi həyat vasitələrinin axtarışı ən qədim mədəniyyətlərdə, həmçinin şumer dastanlarında mövcud olmuşdur. Şumer dastanında da ölümsüzlük çarəsi şərqdə, ehtimal ki, Xəzər və ya Urmiya gölündəki adaların birində axtarılır. Onun çarəsini bu adanın sakini Uminanitdin bilir. Zərdüştilik inancına görə isə ölümsüzlüyün dərmanı "Hoym" bitkisidir.
Kateqoriya: Şairlər | Əlavə etdi: brendi
Baxışların sayı: 628 | Yüklənmələrin sayı: 0 | Reytinq: 5.0/4
Bütün şərhlər: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
E-mail:
Kod*:
Onlayn imtahanlar
Məntiq bölməsi
Axtarış
Bütün hüquqlar qorunur © 2024