Pablo Ruiz Pikasso ispan rəssamı, heykəltəraşı, qrafiki, keramisti və
dizayneri 20-ci əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biridir.
Pikasso uşaqlığından gəncliyinədək realistik tərzdə rəsmlər çəkməklə
əsrarəngiz incəsənət bacarığı nümayiş etdirib. XX əsrin ilk onilliyində
yeni mülahizələri, texnikaları və düşüncələri ilə təcrübə apardığından
onun incəsənətdə istiqaməti dəyişmişdir. Pikassonun yaradıcılıq bacarığı
özünü rəssamlıq, heykəltəraşlıq və dizaynla yanaşı, digər çoxsaylı
təsviri və tətbiqi-incəsənət sahələrində də göstərirdi. Pikassonun
yaradıcılıqda çevriliş etmiş nailiyyətləri ona dünya şöhrəti və həyatı
boyu sərhədsiz uğurlar gətirmişdir ki, bu da onu XX əsr incəsənətinin ən
məşhur şəxsiyyəti edib.
Pikasso rəssamlığa çox erkən yaşlarında başlamışdır. İlk rəssamlıq
dərslərini isə rəsm müəllimi olan atası Xose Ruisdən almış və tezliklə
bu sənətə mükəmməl yiyələnmişdir. 8 yaşında ikən özünün ilk ciddi əsəri
olan "Pikador"u yaradır və bunu bütün ömrü boyu özü ilə saxlayır.
Pikasso 1894-1895-ci illərdə La-Korunyada incəsənət məktəbində təhsil
alır. 1895-ci ildə Barselona incəsənət məktəbinə daxil olur. İlk əvvəl
atasının adı - Ruiz Blasko adı ilə işləyir, lakin sonradan anasının
soyadını - Pikassonu seçir. 1897-ci ilin sentyabr ayında Madridə
yollanan Pikasso San-Fernand akademiyasına daxil olur.
Pikasso Barselonaya 1898-ci ilin iyununda dönür və burada "Els Quatre
Gats" kafesində fəaliyyət göstərən rəssamlar cəmiyyətinə üzv yazılır.
Onun ilk rəsm sərgisi məhz bu kafedə nümayiş etdirilir. O, Barselonada
yaxın dostları olan Karlos Kasagemas və Jaim Sabarteslə tanış olur.
1900-cü ildə Pikasso dostu Kasagemasla Parisə yollanır. Pablo Pikasso
məhz burada impressionistlərin yaradıcılığı ilə tanış olur. Ömrünün bu
illəri müxtəlif çətinliklərlə müşayiət olunur, dostu Kasagemasın
intiharı isə gənc rəssamı dərindən sarsıdır. Məhz bu şəraitdə 1902-ci
ilin əvvələrində sonralar "mavi dövr" adlandırılacaq üslubda əsərlər
işləməyə başlayır. Pikasso bu üslubu 1903-1904-cü illərdə Barselonaya
dönüşündən sonra işləyir. Həmin dövrdə o, "Absent həvəskarı", 1901; "Görüş", 1902, "Gənc və Dilənçi
qoca", 1903 əsərlərini çəkir.
Çünki, Pikassoya görə dərdli adam daha səmimi olur.
Rəssamın palitrasında mavi çalarlar üstünlük təşkil edir. İnsan
iztirablarını əks etdirən Pikasso bu dövr əsərlərində korları və
dilənçiləri canlandırırdı. Onların bir qədər
uzunsov bədənləri ispan rəssamı El Qrekonun əsərlərini xatırladırdı.
Məşhur "Şar üzərində qızcığaz" əsəri "mavi" və "çəhrayı" dövrlər
arasındakı keçid mərhələsinə aiddir.
Pikasso 1904-cü ildə Parisdə məskunlaşır.
"Çəhrayı dövr" adlandırılacaq
yeni mərhələ açılır. Bu illərdə "mavi dövrün" qəm və kədəri teatr və
sirkin daha canlı obrazları ilə əvəzlənir. Rəssam əsərlərində
çəhrayı-qırmızımtıl və çəhrayı-bozumtul çalarlara üstünlük verir.
Əsərlərin personajlarına gəldikdə bunlar bir qayda olaraq sərsəri
komediantlar, rəqqaslar və akrobatlar idilər. Bu dövr əsərləri sərsəri
komediantların romantikadan məhrum olan faciəvi tənha həyatlarını əks
etdirirdi ("Akrobat ailəsi meymunla", 1905).Pikasso formaların həndəsi
bloklara çevrilməsinə xüsusi diqqət ayırır (Horta de Ebroda fabrik,
1909), həcmləri artırır və sındırır (Fernand Olivyenin porteri, 1909),
onları müstəvi və səthlərə bölərək fəza boyu uzadır (Kanveylerin
portreti, 1910). Pikassonun rəsmlərində perspektiv itir, palitra
monoxromluğa meyil edir. Kubizmin ilkin məqsədi ənənəvi üsullardan
fərqli olaraq məkan və kütlənin ağırlıq hissini ifadə etmək olsa da,
Pikassonun rəsmləri tez-tez anlaşılmaz müəmmalara aparıb çıxarır.
Reallıqla əlaqəyə qayıtmaq üçün isə Pikasso və Brak əsərlərinə
tipoqrafik şriftlər daxil edir, divar kağızı, qəzet parçaları, kibrit
qutuları kimi elementlərdən istifadə edirlər. Onların əsərlərində bir
qayda olaraq musiqi alətləri, tütün tənbəkisi və qutusu, notlar, araqla
dolu şüşələr və bu kimi əsrin əvvələrində bohemaların həyat tərzinə xas
olan atributlar üstünlük təşkil etməyə başlayır.